ELM VƏ TƏHSİL


Azərbaycanla Banqladeş arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Bakı, 17 sentyabr, AZƏRTAC 

Banqladeş Azərbaycana qardaş ölkədir. Ölkəmizdə Azərbaycan xalqına və mədəniyyətinə böyük məhəbbətlə yanaşılır. Azərbaycanın qədim tarixi barədə məlumatımız var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Banqladeş Xalq Respublikasının Türkiyə və Azərbaycandakı səfiri Allama Siddiki ADA Universitetində müəllim və tələbə heyəti ilə görüşündə bildirib.

Görüşdə xalqımızın ümummilli lideri Heydər Əliyevi ehtiramla xatırlayan Allama Siddiki onun Azərbaycan xalqının milli ruhunun formalaşmasındakı rolundan danışıb. O, Ulu Öndərin siyasi fəaliyyət göstərdiyi illəri Azərbaycanın tarixində yaddaqalan bir dövr kimi xarakterizə edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Allama Siddiki Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəkdə daha da inkişaf edəcəyinə, geostrateji mövqeyini möhkəmləndirəcəyinə və beynəlxalq arenada mühüm rol oynayacağına əminliyini ifadə edib.

Görüşdə ölkəmizdəki sosial-iqtisadi vəziyyət, aparılan islahatlar haqqında fikir mübadiləsi aparılıb, Azərbaycanla Banqladeş arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Tədbirdə, həmçinin oktyabrın 25-26-da Azərbaycanın Qoşulmama Hərəkatının XVIII Zirvə Toplantısına ev sahibliyi etməsi və tədbirin yarada biləcəyi siyasi və iqtisadi meyillər haqqında da danışılıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2011-ci ildən üzv olduğu Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rolu olan çoxtərəfli platformadır. 120 dövlətin bir araya gəldiyi Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə vermək olan Qoşulmama Hərəkatı qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyət kəsb edir.

Hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə ölkəmizin daha yaxından cəlb olunması, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli imkan yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.