İQTİSADİYYAT
Azərbaycanla Beynəlxalq Enerji Agentliyinin əməkdaşlığının perspektivləri nəzərdən keçirilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Azərbaycanla Beynəlxalq Enerji Agentliyinin (IEA) əməkdaşlığının perspektivləri nəzərdən keçirilib.
AZƏRTAC SOCAR-a istinadla xəbər verir ki, sentyabrın 12-də şirkətin prezidenti Rövnəq Abdullayev Azərbaycanda səfərdə olan Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.
Görüşdə Beynəlxalq Enerji Agentliyinin dünya neft və qaz bazarlarının inkişaf tendensiyaları, habelə SOCAR-ın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi və bu ildə artıq istismara verilən böyük sənaye layihələri ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycan və SOCAR-ın qlobal enerji məkanında güclənən strateji rolundan danışılıb. Həmçinin Azərbaycanla Beynəlxalq Enerji Agentliyi ilə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
R.Abdullayev Azərbaycanın Avropanın qlobal enerji təhlükəsizliyi çərçivəsində mühüm rol oynadığını, Cənub Qaz Dəhlizinin həm Azərbaycanın qaz ixrac marşrutlarının, həm də Avropada qaz təchizatının mənbələrinin şaxələnməsində mühüm rol oynadığını vurğulayıb: “Dünyanın ən böyük və mürəkkəb sənaye layihələrindən biri olan Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsi nəticəsində təbii qaz Xəzər hövzəsindən Avropa bazarına nəql olunacaq. Cənub Qaz Dəhlizi dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağından təbii qazı beynəlxalq bazarlara çıxarmaqla yanaşı, həm də üçüncü tərəflərdən də əlavə qaz həcmlərini qəbul etmək imkanına malikdir”.
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru F.Birol dünya neft və qaz bazarının inkişaf perspektivlərinə dair bildirib ki, neft, qaz və neft-kimya məhsullarına qlobal tələbatın artımı fonunda neft-qaz resurslarının hasilatı və emalı Azərbaycan üçün də gələcəkdə böyük əhəmiyyət kəsb edəcək.