İQTİSADİYYAT
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət əlaqələri 24 faiz artıb
Bakı, 19 noyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət əlaqələri 24 faiz artıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bunu iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Qurair ilə görüşündə deyib.
Nazir Şahin Mustafayev Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu, ölkələrimizin iqtisadi əlaqələrin genişlənməsinə önəm verdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əməkdaşlığının inkişafında və iş adamları arasında əlaqələrin genişlənməsində Dubay Ticarət və Sənaye Palatasının fəaliyyəti əhəmiyyətlidir. Təsadüfi deyildir ki, palatanın MDB üzrə ilk beynəlxalq nümayəndəliyi 2012-ci ildə Azərbaycanda açılıb. Şahin Mustafayev Dubay Ticarət və Sənaye Palatasının Azərbaycan şirkətlərinin təqdimatına dəstək göstərməsinin əhəmiyyətli olacağını bildirib.
2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət əlaqələrinin 24 faiz artdığını qeyd edən iqtisadiyyat naziri kənd təsərrüfatı, emal, turizm, yük daşımaları, neft-kimya sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin islahatlar paketi çərçivəsində ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən nazir Şahin Mustafayev bu islahatların iş adamları arasında əlaqələrin genişləndirilməsinə əlavə imkanlar yaratdığını vurğulayıb. Dövlət başçısının tapşırığına əsasən, “Made in Azerbaijan” brendinin təşviqi tədbirləri çərçivəsində noyabr ayının sonunda Dubaya mineral sular, meyvə şirələri, ət və süd məhsulları, meyvə-tərəvəz, bal istehsalçılarından ibarət ixrac missiyası təşkil ediləcək. Bundan başqa, qida sektorunda fəaliyyət göstərən Azərbaycan sahibkarları noyabrın 29-dan dekabrın 1-dək Dubayda keçiriləcək sərgidə iştirak edəcəklər.
Birləşmiş Ərəb Əmirlikləri investorlarının iştirakı ilə Azərbaycanda yeni emal müəssisələrinin yaradılması üçün potensial genişdir. Birləşmiş Ərəb Əmirlikləri şirkətləri ölkəmizdə fəaliyyət göstərən sənaye parklarında yaradılmış imkanlardan yararlana bilər. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsi üzrə I mərhələnin başa çatması, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində işlərin davam etdirilməsi bu sahədə əlaqələrin genişləndirilməsinə, Birləşmiş Ərəb Əmirlikləri yüklərinin Azərbaycan üzərindən daşınmasına geniş imkanlar yaradır.
Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Qurair Azərbaycana səfərindən məmnunluğunu bildirib, səfər çərçivəsində regionlarda olduğunu, ölkəmizdəki quruculuq-abadlıq işlərinin onda böyük təəssürat yaratdığını vurğulayıb. Dövlət başçılarının siyasi iradəsinin ölkələrimiz arasında əlaqələrin inkişafına böyük stimul verdiyini qeyd edən Məcid Saif Al Qurair iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.