İQTİSADİYYAT


Azərbaycanla Britaniyanın energetika sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb

Bakı, 27 yanvar, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Layl Şarpla görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə ikitərəfli münasibətlər, energetika sahəsində mövcud əməkdaşlıq imkanları, həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində yaşıl enerji zonalarının yaradılması istiqamətində müzakirələr aparılıb.

Nazir Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyini vurğulayaraq BP şirkəti ilə həyata keçirilən səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edib, bərpaolunan enerjidən istifadənin inkişafı da daxil olmaqla energetika sektorunun qarşısında duran çağırışlara uyğun birgə səyləri yüksək qiymətləndirib. İşğaldan azad olunmuş ərazilərin bərpası və yaşıl enerji zonasının yaradılması planları, həmçinin bu ərazilərdə bərpaolunan enerjidən istifadə üzrə mövcud olan yüksək potensial haqqında məlumat verib.

Səfir işğaldan azad olunmuş ərazilərdə elektroenergetika sahəsi üzrə aparılacaq bərpa-yenidənqurma işlərində, həmçinin ümumilikdə Azərbaycanda bərpaolunan enerjidən istifadənin inkişafında Britaniya şirkətlərinin iştirakda maraqlı olduğunu bildirib.

Görüşdə, həmçinin Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclasının protokolunun icrasının gedişi, növbəti iclasın keçirilməsi və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.