SİYASƏT
Azərbaycanla Ekvador arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü qeyd olunub
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycanın iqamətgahı Brazilia şəhərində olan Ekvadordakı səfiri Elxan Poluxov Ekvadorun Braziliyadakı səfirliyində ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 15 illiyi ilə əlaqədar keçirilən tədbirdə iştirak edib. Tədbirdə E.Poluxov həmkarı ilə xarici işlər nazirləri Elmar Məmmədyarov və Xose Samuel Valesia Amoresin bir-birinə ünvanladıqları təbrik məktublarının mübadiləsini həyata keçiriblər. Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.
E.Məmmədyarov məktubda Azərbaycanla Ekvador arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə həmkarı X.Amoresi təbrik edərək, dostluq ruhuna əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın iki xalq arasındakı ikitərəfli və çoxtərəfli dialoqun gücləndirilməsinə imkan yaratdığını qeyd edib. Həmçinin məktubda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri əsasında həlli üçün Ekvadorun verdiyi dəyərli dəstək vurğulanıb.
Ekvadorun xarici işlər naziri isə azərbaycanlı həmkarına ünvanladığı məktubda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb. Diplomatik münasibətlərin qurulmasının xalqlarımızın inkişafına, ümumi birgə məqsədlərə nail olmasına, iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyi qeyd olunub, Azərbaycan hökumətinə və xalqına ən xoş arzular ifadə edilib.
Tədbirini sonunda Səfir E.Poluxov səfir Dieqo Antonio Espinosa ilə ikitərəfli əlaqələrin inkişafı və gücləndirilməsinə dair fikir mübadiləsi aparıb.
Xatırladaq ki, Azərbaycan ilə Ekvador arasında diplomatik əlaqələr 2004-cü il martın 22-də qurulub.