İQTİSADİYYAT
Azərbaycanla Filippin arasında vergi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Bakı, 25 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Filippinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena P.Algabre ilə görüşüb.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə qarşılıqlı münasibətlərin inkişafının vacibliyi, həmçinin bu ilin mart ayında Azərbaycanla Filippin arasında diplomatik münasibətlərin 30 ilinin tamam olduğu qeyd edilib.
Görüşdə vergi sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, xarici ölkələrin vergi administrasiyaları ilə əməkdaşlığın genişləndirilməsi, vergi qanunvericiliyi və inzibatçılığının qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, eləcə də mütərəqqi təcrübələrin Azərbaycanda tətbiqi imkanlarının öyrənilməsinin Dövlət Vergi Xidmətinin fəaliyyətində prioritet istiqamətlərdən olduğu vurğulanıb.
O.Nəzərli Dövlət Vergi Xidmətinin xüsusilə rəqəmsal vergi inzibatçılığının inkişaf etdirilməsində Filippin təcrübəsi ilə yaxından maraqlandığını diqqətə çatdırıb, bu sahədə məlumat mübadiləsinin zəruriliyini qeyd edib.
Görüşdə, həmçinin iki ölkə arasında ikiqat vergitutmanın aradan qaldırılması sahəsində müvafiq Sazişin imzalanması imkanlarının öyrənilməsinin vacibliyi vurğulanıb.
Maria Elena P.Algabre ölkələrimiz arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb, ikiqat vergitutmanın aradan qaldırılması və rəqəmsal vergi inzibatçılığı sahəsində əməkdaşlıq imkanları ilə bağlı qaldırılan məsələlərin araşdırılacağını və müvafiq işlərin görüləcəyini söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.