İQTİSADİYYAT
Azərbaycanla İran arasında radio-televiziya yayımı sahəsində əməkdaşlıq genişlənir
Bakı, 13 may, Xatirə Cəfərova, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının xarici yayım üzrə sədr müavini Məhəmməd Əxgərinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində yüksək səviyyədə qurulan ikitərəfli əlaqələrin ilbəil möhkəmləndiyini bildirən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani arasında keçirilən görüşlərin bu əməkdaşlığın gücləndirilməsində xüsusi rol oynadığını nəzərə çatdırıb.
Tərəflər arasında əməkdaşlığın növbəti inkişaf mərhələsinə qədəm qoyduğunu, bu inkişafda radio-televiziya yayımı sahəsinin də öz yeri olduğunu qeyd edən İ.Məmmədov bu istiqamətdə İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı ilə aparılan işlər və keçirilən görüşlərdən, bu görüşlərin qarşılıqlı razılıq doğuran nəticələrindən söz açıb.
Məhəmməd Əxgəri iki ölkə arasında münasibətlərin daha da yaxınlaşdığını vurğulayaraq, bu əməkdaşlığın davam etdirilməsinin qarşılıqlı maraqlara söykəndiyini qeyd edib. İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının fəaliyyət istiqamətlərindən, yayımlanan radio və televiziya kanallarından danışan qonaq mayın 24-də Azərbaycan dilində 24 saatlıq yeni kanalın fəaliyyətə başlayacağını bildirib və bu kanalın Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1” üzərindən yayımlanmasının arzuolunan olduğunu nəzərə çatdırıb.
Görüşdə radio-televiziya yayımı sahəsində mövcud münasibətlər, o cümlədən analoq yayımın tamamilə dayandırılaraq tərəflərin rəqəmli yayıma keçidi və s. məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.