MƏDƏNİYYƏT


Azərbaycanla İsveç arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Stokholmda konsert təşkil edilib VİDEO

Stokholm, 20 may, Rauf Əliyev, AZƏRTAC

Azərbaycanla İsveç arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Stokholmda caz konserti təşkil edilib. Tədbir rəsmi hissə ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, İsveç paytaxtının mərkəzində yerləşən Nobel muzeyində təşkil olunan tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev, İsveç xarici işlər nazirinin müavini Maqnus Nilsson, həmçinin ölkəmizin İsveç Krallığındakı səfiri Zaur Əhmədov və Stokholmda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, eləcə də Azərbaycan və türk diasporunun fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov konsertin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təşkil edildiyini qeyd edib. Səfir ölkələrimiz arasında əlaqələrin qarşılıqlı maraq və dostluq münasibətləri əsasında qurulduğunu diqqətə çatdırıb. Diplomatın sözlərinə görə, İsveç-Azərbaycan əlaqələri həm də möhkəm tarixi köklərə dayanır. Bildirilib ki, məşhur Nobel qardaşlarının ölkəmizdəki fəaliyyəti ölkələrimiz arasındakı əməkdaşlığın möhkəm zəminidir.

Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev, Azərbaycan-İsveç əlaqələrin əhəmiyyətini vurğulayaraq, ölkəmizin bu günlərdə dövlət müstəqilliyinin 30 illiyini qeyd edəcəyini diqqətə çatdırıb. Ölkələrimiz arasında əlaqələrin əhəmiyyətinə toxunan Fariz Rzayev deyib: “Bizim əlaqələrimiz dialoq və diplomatiya əsasında qurulub. Adət-ənənələrimizi və mədəni dəyərlərimizi qoruyub saxlamaqla, dinc və firavan həyatın təmin edilməsi əsas qayəmizdir. Məhz bu səbəbdən İsveç və Azərbaycan arada divarlar deyil, körpülər ucaldaraq əlaqələri inkişaf etdirməyə çalışır”, - deyə F.Rzayev bildirib.

Maqnus Nilsson konsertdə iştirak etməkdən məmnunluğunu ifadə edərək, tədbirin ölkələrimiz üçün rəmzi və tarixi əhəmiyyət daşıyan Nobel muzeyində keçirilməsinin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, bu fakt özü ölkələrimiz arasındakı əlaqələrin tarixi köklərə dayandığını bir daha sübut edir. İki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial olduğunu vurğulayan M.Nilsson mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin inkişafından da danışıb.

Tədbir bədii hissə ilə davam edib. Tanınmış cazmen, Əməkdar artist İsfar Sarabskinin rəhbərliyi ilə “İsfar Sarabskinin triosu” kollektivi caz kompozisiyaları ifa edərək qonaqlara unudulmaz anlar bəxş edib.

 
Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.