SİYASƏT


Azərbaycanla İsveç arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub

Stokholm, 1 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Zaur Əhmədov bu ölkənin xarici işlər naziri Ann Linde ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla İsveç arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və tərəfləri maraqlandıran bir sıra istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

İsveçin ATƏT-in hazırkı sədri kimi fəaliyyətini yüksək qiymətləndirən səfir Zaur Əhmədov Krallığın postmünaqişə dövründə Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün daha aktiv fəaliyyətinin labüdlüyünü qeyd edib. Bunları nəzərə alaraq, Şimali Avropa əməkdaşlıq modelinin Cənubi Qafqaz regionu ölkələri üçün tətbiqinin mümkünlüyü haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin bu yaxınlarda Stokholmda baş tutacaq ATƏT-in Zirvə Görüşünün əhəmiyyəti də vurğulanıb.

Azərbaycanla İsveç arasında humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə toxunulan görüşdə Nobel qardaşlarının ölkəmizdə qoyduğu tarixi izin bu əlaqələr üçün müsbət zəmin olduğu bildirilib. Humanitar sahədə təhsilin xüsusilə perspektivli olduğunu vurğulayan Zaur Əhmədov iki ölkə arasında tələbə mübadiləsinin intensivləşməsi üçün yeni layihələrə ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında siyasi dialoqun davamlılığının təmin olunması və beynəlxalq arenada əməkdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.