İQTİSADİYYAT


Azərbaycanla Koreya statistika qurumları arasında əməkdaşlıq genişləndirilir

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Koreya Statistika Komitəsi (KOSTAT) arasında əməkdaşlıq məsələlərinə həsr olunan geniştərkibli görüş keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, görüşdə “Azərbaycan Respublikasında Statistik Kadr Potensialının Gücləndirilməsi” layihəsinin hazırlıq məsələləri müzakirə olunub. Layihənin əsas məqsədi modul tipli milli təlim proqramlarının hazırlanması, müasir statistik təlim proqramlarının və innovativ texnologiyaların tətbiqi ilə sosial, iqtisadi statistika və ev təsərrüfatları arasında seçmə statistik müayinələrin aparılması sahəsində kadrların peşəkarlıq səviyyəsinin artırılması, kadr potensialının gücləndirilməsinə dəstək vermək üçün Dövlət Statistika Komitəsinin maddi texniki bazasının möhkəmləndirilməsi, Azərbaycanda həyata keçirilən islahatlara və bununla da ölkənin milli inkişaf məqsədlərinə nail olmasına töhfə verilməsi, Koreya Respublikası və Azərbaycan Respublikası arasındakı qarşılıqlı dostluq əlaqələrinin daha da genişləndirilməsidir.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov qeyd edib ki, ötən il “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında “Azərbaycan Respublikasında Statistik Potensialın Gücləndirilməsi” layihəsinin tətbiqinə dair anlaşma memorandumu uğurla icra olunaraq başa çatdırılıb. Anlaşma memorandumunda nəzərdə tutulmuş bütün fəaliyyətlər təmin edilib, eyni zamanda, rəsmi statistika məlumatlarının yayımı sahəsində beynəlxalq səviyyədə tətbiq olunan standartlara uyğun üslubda, istifadəçiyönümlü “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi hazırlanaraq istifadəçilərin ixtiyarına verilib. Hazırda Koreya Statistika Komitəsi ilə birgə yeni - “Azərbaycan Respublikasında Statistik Kadr Potensialının Gücləndirilməsi” layihəsi üzrə hazırlıq tədbirlərinə başlanılıb.

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op qeyd edib ki, Dövlət Statistika Komitəsi ilə ötənilki əməkdaşlıq bu sahədə yeni perspektivlər yaradıb və statistika qurumlarının birgə səyi nəticəsində cari ildə də nəzərdə tutulan fəaliyyətlərin uğurla başa çatdırılacağına ümid edir.

Sonra KOSTAT-ın təmsilçisi, layihənin icraçı direktoru Çarli Seo proqrama dair ümumi məlumat və fəaliyyətlərə həsr olunan təqdimatla çıxış edib. Bildirib ki, layihənin icrası nəticəsində statistika sahəsində modul tipli milli təlim proqramları hazırlanacaq, təlimlər təşkil ediləcək, statistik təlimlərin keçirilməsi üçün zəruri avadanlıqlarla təchiz olunmuş təlim otağı yaradılacaq.

Görüşdə tərəfləri maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.