CƏMİYYƏT
Azərbaycanla Litvanın Baş prokurorluqları arasında əməkdaşlığın davam etdirilməsi üçün geniş imkanlar var



Bakı, 7 iyun, AZƏRTAC
İyunun 7-də Baş prokuror Kamran Əliyev “Avropa Qonşuluq Aləti” çərçivəsində reallaşdırılan “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsi üzrə ölkəmizdə işgüzar səfərdə olan Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin rəhbəri vəzifəsini icra edən Yovitas Razkeviçiusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Baş prokuror Kamran Əliyev dövlətimizin başçısı İlham Əliyevin bu ilin mayında Litvaya rəsmi səfəri zamanı Baş prokurorluqlar arasında imzalanmış 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramının gələcəkdə iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın davam etdirilməsi üçün geniş imkanlar yaratdığını bildirib. Həmçinin “Tvinninq” layihəsi çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakların bərpası sahəsində həyata keçirilən tədbirlərin müsbət nəticələr verdiyi deyib.
Yovitas Razkeviçius Litva tərəfindən Azərbaycanla əlaqələrə böyük önəm verildiyini və münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.