CƏMİYYƏT
Azərbaycanla Mərakeş arasında əməkdaşlığın inkişafı barədə müzakirələr aparılıb




Bakı, 31 may, AZƏRTAC
Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov ilə Rabatın meri xanım Asmaa Rhlalou arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, səfir şəhərin merinə Bakı haqqında maraqlı məlumatlar verib və paytaxtımızın İçərişəhər hissəsinin UNESCO-nun siyahısına daxil olduğunu bildirib.
Görüş zamanı iki paytaxt şəhəri (Bakı və Rabat) arasında əlaqələrin inkişafı istiqamətində əməkdaşlıq geniş müzakirə edilib. Səfir Bakı şəhərinin idarəedilməsi sistemi barədə danışıb və hər iki struktur ilə (Bakı Şəhər İcra Hakimiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) mümkün əməkdaşlıq haqqında müzakirələr aparılıb.
Xanım mer gələcək əməkdaşlıq məqsədilə Bakının merini Rabata səfərə dəvət etməyə hazır olduğunu bildirib.
Səfir də öz növbəsində, xanım Asmaa Rhlalounu Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti ilə tanış olmaq üçün ölkəmizə dəvət edib. Nazim Səmədov yüksək səviyyədə müntəzəm görüşlərin, onun nəticəsində ikitərəfli mədəni əməkdaşlığın qurulması və “şəhər diplomatiyasının” keçirilməsi üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.
Görüşdə xanım mer öz növbəsində Rabatda keçirilən islahatlar barədə geniş, maraqlı məlumatlar verib və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.