SİYASƏT


Azərbaycanla NATO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Tbilisi, 28 iyul, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev NATO-nun Gürcüstandakı Əlaqələndirmə Ofisinin rəhbəri Aleksander Vinnikov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan səfirliyində keçən görüşdə Azərbaycan-NATO əlaqələrinin inkişaf perspektivləri diqqət mərkəzində olub.

Səfir F.Quliyev deyib ki, Azərbaycanın NATO ilə əlaqələri ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uğurla inkişaf edib.

Onun sözlərinə görə, Azərbaycanın Şimali Atlantika Alyansı ilə əməkdaşlığı bölgə və qlobal təhlükəsizliyə töhfə verir.

Son dövrlər regionda cərəyan edən proseslərdən danışan diplomat, bölgədə postmünaqişə vəziyyətinin açdığı imkanlar və Azərbaycanın bu istiqamətdə atdığı uğurlu və ədalətli addımlar barədə məlumat verib.

Əlaqələndirmə Ofisinin rəhbəri A.Vinnikov NATO-nun Baş katibinin Azərbaycan Respublikasının Prezidenti ilə vaxtaşırı təmaslarının mühüm rol oynadığını vurğulayıb.

O, NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın regiona son səfərinin də uğurlu olduğunu məmnunluqla xatırladıb.

Bildirib ki, bölgədə cərəyan edən proseslər NATO tərəfindən diqqətlə izlənilir, postmünaqişə dövründəki barış prosesləri dəstəklənir.

Görüşün sonunda gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair əminlik ifadə olunub.

Səfir qonağa aparıcı gürcü alimlərinin müəllifi olduğu “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” adlı kitabı hədiyyə edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.