İQTİSADİYYAT


Azərbaycanla Niderlandın əməkdaşlıq imkanları ilə bağlı proqram hazırlanacaq

Bakı, 25 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Niderland Krallığının ölkəmizdəki səfiri xanım Paulin Eizema ilə görüşüb.

ASK-dan AZƏRTAC-a bildirilib ki, onlayn platforma üzərindən reallaşdırılan görüş Azərbaycan-Niderland iqtisadi əlaqələri və onun genişləndirilməsi mövzusuna həsr olunub.

Azərbaycanla Niderlandın dostluq münasibətlərindən danışan M.Musayev Prezident İlham Əliyev ilə Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden arasında mövcud olan dostluğun Niderland-Azərbaycan münasibətlərinə müsbət təsirini xüsusilə qeyd edib.

“Azərbaycanla Niderland arasında ticarət əlaqələri mövcuddur, lakin hesab edirəm ki, istənilən səviyyədə deyil və birgə əməkdaşlığımız nəticəsində daha yüksək nəticələr əldə edə bilərik. Niderland Krallığı da dəniz sahilindədir, aqrar ölkədir. Azərbaycan da aqrar sahədə böyük potensiala malikdir və bir-birimizdən öyrənmək, təcrübə mübadiləsi aparmaq üçün əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, irriqasiya və digər sahələrdə əməkdaşlıq imkanları da genişdir”, – deyə M.Musayev bildirib.

“2020-ci il Azərbaycan üçün uğurlu oldu, torpaqlarınızı işğaldan azad etdiniz. Ümid edirəm ki, əlaqələrimiz daha da genişlənəcək. Azad olunmuş torpaqlarda yenidənqurma işlərində yaxından iştirak etməyə çalışacağıq”, – deyən səfir qeyd edib. O, bir neçə sahə üzrə işbirliyi imkanlarına toxunub, kənd təsərrüfatı, su təsərrüfatı, irriqasiya sistemləri, şəhərsalma üzrə Niderland şirkətlərinin Azərbaycanda çalışması perspektivlərindən söz açıb.

M.Musayev səsləndirdiyi təkliflərə görə səfirə təşəkkür edərək gələcəkdə ölkəmizdə Niderland Ticarət Evinin açılması ilə bağlı təkliflərə açıq olduğunu, eyni zamanda, Niderlandda Azərbaycan ticarət evinin açılmasının məhsulların tanıdılması baxımından müsbət rol oynayacağını vurğulayıb. O, bununla bağlı Sahibkarlar Konfederasiyası olaraq Azərbaycan hökuməti qarşısında məsələ qaldırmağa hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə əməkdaşlıq imkanları ilə bağlı proqramın hazırlanması qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.