SİYASƏT


Azərbaycanla OPEC arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı, 20 yanvar, AZƏRTAC

Yanvarın 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfəri çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində Baş katib Azərbaycanla əməkdaşlıqdan məmnunluqla bəhs edərək, 2016-cı ildə dünya neft bazarının sabitləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunda OPEC-ə üzv olan bütün ölkələrin və təşkilata üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən ilk lider olduğunu xatırladıb. Bu təşəbbüsün OPEC-ə üzv və qeyri-üzv ölkələrdə geniş müzakirələrə səbəb olduğunu və məhz Azərbaycan Prezidentinin dəstəyi ilə qısa zaman ərzində 2016-cı ilin dekabr ayında OPEC+ formatının yaradıldığını qeyd edib. Baş katib OPEC+ formatında birgə fəaliyyətin dünya neft bazarında qiymətlərin sabitləşməsinə töhfə verdiyini söyləyib.

Nazir Ceyhun Bayramov OPEC+ formatında uğurlu əlaqələrimizdən danışaraq, Azərbaycanın bu formatda əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu qeyd edib. O, Baş katib Məhəmməd Barkindonun rəhbərliyi ilə OPEC+ formatında uğurlu addımların atıldığını və bunun nəticəsində dünya neft qiymətlərinin sabitləşdiyini bildirib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.