İQTİSADİYYAT
Azərbaycanla Özbəkistan arasında biznes sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
Daşkənd, 21 fevral, АZƏRTAC
Daşkənddə keçirilən birinci Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bu ölkənin xarici iqtisadi əlaqələr nazirinin müavini Sadık Saifnazarovla görüşüb.
Görüşdə Azərbaycanla Özbəkistan arasında iqtisadi sahədə əlaqələrə dair fikir mübadiləsi aparılıb. Azərbaycanda bir sıra istehsal sahələrinin, o cümlədən Bakıda Özbəkistanın “Ticarət evi”nin yaradılması məsələləri müzakirə olunub.
Nazir müavini qeyd edib ki, bu sahədə Qırğızıstan, Qazaxıstan və Tacikistan tərəfi ilə də iş aparılır.
Məmməd Musayev deyib ki, Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev arasındakı dostluq münasibətləri əməkdaşlığımızın daha da inkişafına təkan verir.
Görüşdə tərəflər Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyətə başlaması, Özbəkistan mallarının bu xətlə dünya bazarına daşınması, Özbəkistanda istehsal olunan kənd təsərrüfatı maşınları və texnikasının Azərbaycana göndərilməsi istiqamətində də müzakirələr aparılıb.
Azərbaycanda istehsal edilən məhsulların Özbəkistan bazarına çıxarılması, o cümlədən iş adamlarımızın bu ölkədə fəaliyyətinin genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub.
Tərəflər ölkələrimiz arasında mal mübadiləsinin həcminin artırılmasının vacibliyini bildiriblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd