CƏMİYYƏT
Azərbaycanla Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
İslamabad, 6 noyabr, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin yeni müdafiə istehsalı üzrə federal naziri xanım Zubeyda Cəlal Xan ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqdan məmnunluq ifadə olunub, müvafiq birgə layihələrin davam etdirilməsi, hər iki ölkədə keçirilən sərgilərdə iştirakın təmin edilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə təcrübə mübadiləsi, elmi əməkdaşlıq, qarşılıqlı səfərlərin təşkili, müştərək müəssisələrin yaradılması imkanları da müzakirə edilib.
Zubeyda Cəlal Xan Pakistanın Azərbaycanla bütün sahələrdəki kimi, müdafiə sənayesi sahəsində də əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu söyləyib. O, Pakistanın Azərbaycan Ordusunu lazımi müdafiə sənayesi məhsulları ilə təchiz etməyə hazır olduqlarını bildirib.
Nazir qarşılıqlı müdafiə sahəsində və hərbi-texniki istiqamətdə əməkdaşlığın perspektivləri, müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları haqqında da söhbət açıb. O, bu il noyabrın 27-dən 30-dək keçiriləcək IDEAS-2018 Pakistan Beynəlxalq Müdafiə Sərgisində Azərbaycandan da nümayəndə heyətinin dəvət edildiyini bildirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad