İQTİSADİYYAT
Azərbaycanla Qazaxıstan logistika sahəsində əməkdaşlığı işçi qrupu formatında davam etdirəcək
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan ilə Qazaxıstan logistika sahəsində əməkdaşlığı işçi qrupu formatında davam etdirəcək.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, fevralın 27-də ASCO-da ölkəmizdə səfərdə olan “Qazaxıstan Dəmir Yolları Milli Şirkəti” SC-nin sədri Sauat Muxametbayeviç Mınbayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Xəzər dənizi və Azərbaycan üzərindən keçən nəqliyyat marşrutlarının, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun perspektivlərindən söz açılıb.
QSC-nin sədri Rauf Vəliyev qazaxıstanlı qonaqlara ASCO-nun fəaliyyəti haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin reallaşdırdığı ardıcıl siyasət nəticəsində Azərbaycan vacib nəqliyyat qovşağına çevrilib. Donanmalarının daim yenilənməsinə diqqət çəkən ASCO-nun sədri bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzər dənizi üzərindən artan yük həcminin qarşılanması üçün bu strategiyanı bundan sonra da davam etdirəcək.
“Qazaxıstan Dəmir Yolları Milli Şirkəti” SC-nin sədri isə öz növbəsində ASCO-nun xüsusi ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda strateji rolunu vurğulayıb. Yeni təyin olduğu vəzifədə ilk dəfə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində olduğunu, gələcəkdə də qardaş və dost ölkələrin bu iki qurumu arasında əməkdaşlığın artan xətt üzrə davam edəcəyinə inamını bildirib.
Tərəflər yükdaşıma, logistika və ikitərəfli əməkdaşlığın işçi qrupu formatında davam etdirilməsinə razılıqlarını ifadə ediblər.
Sonda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.