CƏMİYYƏT
Azərbaycanla Qətər arasında dini-mənəvi sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılovun bu ölkənin Vəqflər və İslam İşləri naziri Ğeys bin Mubarak Əl Kuvari ilə görüşündə ölkələrimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.
Dohadakı səfirliyimizdən AZƏRTAC-a verilən məlumata gərə, görüşdə dövlətlərimizin başçıları arasındakı dostluq münasibətlərinin və son illər ərzində ən yüksək səviyyədə həyata keçirilmiş qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafındakı roluna toxunulub.
Səfir Azərbaycanda əsrlərlə bir çox millətlərin və dini konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığını bildirərək, tolerantlıq və dözümlülüyün Azərbaycan cəmiyyətini səciyyələndirən əsas xüsusiyyətlərdən biri olduğunu vurğulayıb. Azərbaycanın dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrdən danışan səfir ölkə rəhbərliyinin xüsusi diqqəti sayəsində Azərbaycanda mütəmadi olaraq bu istiqamətdə yüksək səviyyəli beynəlxalq tədbirlərin təşkil edildiyini bildirib.
Görüşdə iki ölkə arasında möhkəm dostluq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən dini işlər sahəsində əməkdaşlığın inkişafına əlverişli zəmin yaratdığı qeyd olunub. Bu sahədə əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.