CƏMİYYƏT


Azərbaycanla Qətər arasında fövqəladə hallarla mübarizə sahəsində əlaqələr müzakirə olunub

Bakı, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 7-də Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri, Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Kəmaləddin Heydərov Azərbaycan ilə Qətər arasında müxtəlif sahələri əhatə edən yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcudluğunu xatırladaraq, bunun əsasında hər iki ölkə liderlərinin siyasi iradəsinin və müdrik uzaqgörənliyinin dayandığını vurğulayıb.

Nazir, həmçinin Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılması, bu müddətdə şəhər və kəndlərimizin viran qoyulması, 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun ərazilərimizi işğaldan azad etməsi, azad edilmiş ərazilərdə hazırda sürətlə aparılan abadlıq və quruculuq işləri barədə geniş məlumat verib. İşğaldan azad edilmiş torpaqlarımızın zəngin təbii sərvətlərə, o cümlədən böyük turizm potensialına malik olduğunu qeyd edən K.Heydərov Qətər iş adamları, biznes dairələri və sərmayəçilərini buraya sərmayə yatırmağa dəvət edib.

Sonra nazir K.Heydərov həmsədri olduğu Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.

Daha sonra nazir qonaqlara FHN-in fəaliyyəti, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib, 2014-cü ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”dən söz açıb, iki ölkənin müvafiq qurumları arasındakı səmərəli əməkdaşlıqdan danışıb.

Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi səmimi görüşə görə təşəkkürünü bildirib. O, ölkəsinin xarici işlər naziri, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri Şeyx Mohammed bin Abdulrəhman Al-Taninin salamlarını nazir Kəmaləddin Heydərovun diqqətinə çatdırıb. Azərbaycanla Qətər arasında əməkdaşlığın geniş potensialından bəhs edən dövlət naziri, həmçinin iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.