MƏDƏNİYYƏT


Azərbaycanla Rumıniya arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə qala konsert təşkil edilib

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-də Azərbaycanla Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında qala konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare ölkələrimiz arasındakı münasibətlərdən danışıb. Bildirilib ki, qarşılıqlı əlaqələr dinamik şəkildə inkişaf edir. Münasibətlərin daha da inkişafı istiqamətində ardıcıl addımlar atılır. Bu addımlar öz bəhrəsini verməkdədir.

Tədbirdə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkələrimiz arasında mövcud münasibətlərdən danışıb. Bildirib ki, bu il Azərbaycan və Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu illər ərzində münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edib. Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr var. Ticarət dövriyyəsinin artırılması, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi perspektivdə duran əsas məsələlərdəndir.

“Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birinə dəstək verir. Azərbaycanda tikinti, ticarət, xidmət, rabitə, nəqliyyat və sair sahələrdə Rumıniyanın 14 şirkəti fəaliyyət göstərir. Bu gün çox sayda azərbaycanlı Rumıniyada təhsil alır, işləyir, bununla da ölkələrimiz arasında canlı körpü yaradır. İnanıram ki, növbəti illərdə daha geniş əlaqələrdən danışacağıq. Biz əlimizdən gələni edəcəyik ki, əlaqələrimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlsin”, - deyə nazir qeyd edib.

Tədbir bədii hissə ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.