İQTİSADİYYAT


Azərbaycanla Rusiya arasında iqtisadiyyat sahəsində əlaqələr müzakirə olunub

Bakı, 23 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iyulun 23-də Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-logistika, tranzit və bir çox digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülən işlərdən məmnunluq ifadə olunub.

İkitərəfli iqtisadi əlaqələrin inkişafında iş adamlarının rolu vurğulanaraq onlar arasında daha sıx əməkdaşlığın təşviq edilməsinin vacibliyi qeyd edilib. İyulun 23-də Rusiyanın Azərbaycanda işgüzar missiyasının fəaliyyətə başlamasının bu baxımdan önəmi vurğulanıb.

Eyni zamanda, Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının genişləndirilməsi perspektivləri geniş müzakirə edilib.

Tərəflər, həmçinin ölkələrimiz arasında dəmir yolu ilə malların fasiləsiz qarşılıqlı tədarükü üçün logistik dəhlizin yaradılması məsələsinə dair fikir mübadiləsi aparıblar.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi iki ölkə arasında ticarət əlaqələrinin inkişafı baxımından prioritet olaraq dəyərləndirilib. Tərəflər nəqliyyat xidmətlərinin və nəzarət prosedurlarının təkmilləşdirilməsinin dəhliz üzrə nəqliyyat vasitələrinin hərəkətinin və yük axınının artırılmasına, eləcə də yüklərin çatdırılma müddətinin azaldılmasına xidmət edəcəyinə əminliklərini bildiriblər.

Görüşdə, həmçinin nəqliyyat, logistika, tikinti, maşınqayırma, İKT, metallurgiya və dağ-mədən sahələrində fəaliyyət göstərən 10-a yaxın Rusiya şirkəti tərəfindən təqdimatlar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.