İQTİSADİYYAT
Azərbaycanla Rusiya sahibkarları yeni biznes əməkdaşlığının qurulması məsələlərini müzakirə ediblər
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan ilə Rusiya sahibkarları yeni biznes əməkdaşlığının qurulması məsələlərini müzakirə ediblər.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçirilib.
Hər iki tərəfdən qida sənayesi, səhiyyə, bank, logistika, turizm və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox sahibkarın iştirak etdiyi tədbirdə Azərbaycanda biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan islahatlar barədə məlumat verilib, iş adamları fəal əməkdaşlığa dəvət olunub.
İştirakçılar, həmçinin Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və ixracın artırılması, "Made in Azerbaijan" brendinin təşviqi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb, Azərbaycanın və Sankt-Peterburqun iqtisadi-ticarət potensialı, investisiya imkanları barədə təqdimatlar olub.
Tədbir çərçivəsində sahibkarlar mövcud əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələlərini müzakirə ediblər.