İQTİSADİYYAT
Azərbaycanla Tacikistan arasında iqtisadi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Düşənbə, 20 aprel, AZƏRTAC
Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə bu ölkənin Ticarət-Sənaye Palatasının sədri Şərif Səidlə görüşüb.
Görüşdə tərəflər birgə təqdimatlar, konfranslar, sərgilər, yarmarkalar və biznes forumlar vasitəsilə qarşılıqlı əməkdaşlığın və mal dövriyyəsinin inkişafında maraqlı olduqlarını bildiriblər.
Şərif Səid bildirib ki, Tacikistan inkişaf edən iqtisadiyyata, zəngin hidroenerji, sənaye və aqrar potensiala malik ölkədir. Bu ölkədə çox böyük mineral və xammal ehtiyatları var. Əlaqələrin perspektivli sahələri kimi hidroenergetika, dağ-mədən sənayesi, kənd təsərrüfatı məhsullarının emalı, meyvə və tərəvəzin emalı üzrə mini zavodların tikintisi, arıçılığın inkişafı, meyvə şirələrinin istehsalı, qablaşdırma üzrə istehsalın yaradılması, maşınqayırma məhsullarının gətirilməsi, avtomobil istehsalı üzrə birgə istehsal sahələrinin yaradılması, yerli xammal əsasında tikinti materiallarının istehsalı, səhiyyə, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığı göstərmək olar.
Palatanın sədri ikitərəfli tərəfdaşlıq üzrə ticari-iqtisadi nümayəndəliklərin yaradılmasına hər cür kömək göstərməyə hazır olduğunu bildirib. O, Azərbaycan biznes dairələrinin nümayəndələrini avqust ayında Düşənbədə keçiriləcək “Tacikistan-2018” beynəlxalq sərgisində iştiraka dəvət edib.
Həsən Məmmədzadə Azərbaycan biznes dairələrinin Tacikistanla əlaqələrinin yaradılmasına kömək göstərəcəyini bildirib.
Səfir vurğulayıb ki, bunun üçün Düşənbə ilə Bakı arasında hava xətti bərpa edilməlidir. Hazırda Tacikistanda Azərbaycan şirkətlərinin işlədiyini qeyd edən səfir hər iki ölkənin iqtisadiyyatının inkişafı üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə