İQTİSADİYYAT
Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında anlaşma memorandumu imzalanıb VİDEO
Ankarada iki ölkənin gömrük orqanlarının əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparılıb
Ankara, 11 oktyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev oktyabrın 11-də Ankarada Türkiyənin Ticarət naziri Ruhsar Pekcanla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə türkiyəli nazir iki ölkə arasındakı münasibətlərdən bəhs edib, gömrük orqanlarının da bu sahədə mühüm rol oynadığını bildirib.
Ölkələrimiz arasında istər siyasi-iqtisadi, istərsə də mədəni-humanitar əlaqələrin hazırkı vəziyyətini yüksək qiymətləndirən R.Pekcan Azərbaycanla qardaşlıq əlaqələrinin hər zaman daha yüksək səviyyəyə qaldırılmasının vacibliyini qeyd edib. Qarşılıqlı məlumat və təcrübə mübadiləsinin gömrük sahəsində əlaqələri gücləndirdiyini bildirən nazir bu istiqamətdə birgə əməkdaşlığın daha da genişləndirilməsinin önəmindən bəhs edib.
Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyev Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlıq münasibətlərinin tarixi köklərə dayandığını vurğulayıb, son illər hər iki ölkə rəhbərinin həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət hesabına bu əlaqələrin daha da möhkəmləndiyini diqqətə çatdırıb.
O qeyd edib ki, xüsusilə son illər regionda həyata keçirilən nəqliyyat və logistika layihələrinin Azərbaycanla Türkiyənin təşəbbüsü və iradəsi ilə reallaşması münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir.
DGK sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarında daha çevik, daha modern idarəçilik metodlarının tətbiq edildiyini, beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılması, vətəndaşların maksimum dərəcədə məmnuniyyətinin təmin olunması üçün yeni layihələrin icra olunduğunu bildirib. O, iki ölkənin gömrük orqanları arasında mütəmadi təcrübə mübadiləsinin aparıldığını bildirib, qarşılıqlı məlumat mübadiləsinin daha effektiv həyata keçirilməsinin vacibliyinə toxunub və bu gün keçirilən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Türkiyənin Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin üçüncü iclasını da əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirib.
Görüşdə Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb.
Sonda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında anlaşma memorandumu” imzalanıb. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyev və Türkiyənin Ticarət naziri R.Pekcan imzalayıblar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara