ELM VƏ TƏHSİL


Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb

Ankara, 19 fevral, AZƏRTAC

Azərbaycanın təhsil naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Ankara şəhərindəki Heydər Əliyev Parkı və "Anıtqəbir" kompleksi ziyarət olunub.

Ulu Öndərimizin adını daşıyan parkda ümummilli lider Heydər Əliyevin abidəsi önünə Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiram göstərilib.

Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - "Anıtqəbir" mavzoleyi ziyarət edilib. Təhsil Nazirliyi adından Atatürkün məzarı önünə əklil qoyulub.

Daha sonra Azərbaycanın təhsil naziri Ceyhun Bayramov ilə Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Eren arasında görüş keçirilib. Görüşdə iki qardaş ölkə arasında təhsil sahəsində əlaqələrin vacib istiqamətləri müzakirə olunub. O cümlədən Azərbaycanda müxtəlif ixtisaslar üzrə fəlsəfə doktorlarının Türkiyədə təqaüd əsasında elmi araşdırmalarını davam etdirmələrinə dair səmərəli fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov bildirib ki, Azərbaycandakı ali təhsil ocaqlarında işləmək üçün Türkiyə universitetlərində müxtəlif ixtisaslar üzrə fəlsəfə doktorlarının yetişdirilməsinə ehtiyac var. Azərbaycan tərəfi istəyir ki, Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi bu sahədə Azərbaycan üçün kvotanın artırılmasını nəzərə alsın.

Daha sonra Azərbaycanın təhsil naziri Hacettepe Universitetində rektor Haluk Özən ilə görüşüb. Azərbaycanda aparılan təhsil islahatları, bu sahəyə aid dövlət proqramlarının nəticələri, Türkiyə ilə əməkdaşlığın mövcud vəziyyəti və s. barədə məlumat verən nazir, həmçinin ölkəmizin nüfuzlu ali məktəblərinin uğurlarından bəhs edib. Prezident İlham Əliyevin Azərbaycanda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışan nazir “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın qarşıya qoyduğu vəzifələrdən bəhs edərək bildirib ki, kənd təsərrüfatı və tibb sahələri də bu sənəyə daxildir. Görüşdə, həmçinin Azərbaycan Tibb Universiteti ilə Hacettepe Universiteti arasında ikili diplomların verilməsi müzakirə olunub.

Rəhbərlik etdiyi Hacettepe Universitetinin Türkiyənin qocaman ali məktəblərindən olduğunu diqqətə çatdıran rektor Haluk Özən bu təhsil ocağının yüksək texniki imkanları və tədris metodlarından, universitetin qazandığı uğurlardan danışıb. Rektor əminliklə ifadə edib ki, Hacettepe Universiteti Azərbaycan təhsil sistemi ilə bütün istiqamətlərdə əməkdaşlığa hazırdır. Görüşdən sonra Hacettepe Universiteti ilə tanışlıq olub.

Türkiyənin Ali Təhsil Şurasında (YÖK) nazir Ceyhun Bayramov ilə YÖK sədri Yekta Saraç arasında görüş keçirilib. Görüşdə ikili diplomların verilməsi, təhsil sahəsində təcrübə mübadiləsinin aparılması, o cümlədən tələbə mübadiləsinə dair məsələlər müzakirələr olunub.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.