SİYASƏT


Azərbaycanla Ukrayna arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 10-da “Ukrayna-Azərbaycan: əməkdaşlıq perspektivləri” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, videokonfrans formatında keçirilən tədbirdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin məsul şəxsləri, Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun üzvləri, Ukrayna azərbaycanlılarının diaspor təşkilatlarının təmsilçiləri, ictimai və akademik çevrələrin nümayəndələri iştirak ediblər.

Videokonfransda Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev çıxış edərək bildirib ki, ölkələrimiz strateji tərəfdaşlardır və dövlət başçılarımızın sayəsində bu münasibətlər yeni səviyyəyə yüksəlib. Beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizə göstərdiyimiz daimi dəstək qarşılıqlı etimadın daha da artmasını şərtləndirib.

Deputat çıxışında Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyi 44 günlük Vətən müharibəsində Ukrayna dövləti və xalqının verdiyi dəstəyi yüksək qiymətləndirib. O, parlamentlərarası müstəvidə münasibətlərin genişləndirilməsindən bəhs edib, ölkələrimizin bir çox sahələrdə həm ikitərəfli qaydada, həm də beynəlxalq səviyyədə əməkdaşlığının vacibliyini vurğulayıb.

Sonra çıxış edənlər ölkələrimizin parlamentlərarası əlaqələrinin genişləndirilməsi, iqtisadi, mədəni, humanitar, sosial, təhsil və digər sahələrdə münasibətlərin inkişaf perspektivləri, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi, regional təhlükəsizliyin möhkəmləndirilməsi kimi aktual məsələlər barədə fikirlərini səsləndiriblər.

Dəyirmi masanın moderatoru, jurnalist və ictimai xadim Yevgeni Androşuk videokonfransa yekun vuraraq iştirakçılara təşəkkür edib. Moderator belə tədbirlərin keçirilməsinin Azərbaycan ilə Ukrayna arasında əlaqələrin daha da inkişafına, böyük əməkdaşlıq potensialının tam reallaşdırılmasına fayda verəcəyinə əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.