İQTİSADİYYAT


Azərbaycanla Ukraynanın energetika sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın həmsədri, energetika naziri Pərviz Şahbazov Ukrayna tərəfindən həmsədr, infrastruktur naziri Vladislav Kriklinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələr arasında energetika sahəsində əməkdaşlıqdan irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına və münasibətlərin möhkəmləndirilməsinə Hökumətlərarası Komissiyanın töhfələrini qeyd edən energetika naziri qarşılıqlı ticarət və investisiyaların artan tendensiya ilə inkişaf etdiyini vurğulayıb. Azərbaycan-Ukrayna ikitərəfli enerji əlaqələrinin inkişafı və birgə layihələrin həyata keçirilməsi məqsədilə yaradılmış İşçi Qrupun fəaliyyətinə və yaxın gələcəkdə keçirilməsi planlaşdırılan növbəti iclasda müzakirə ediləcək məsələlərə diqqət çəkilib.

Ukraynanın infrastruktur naziri V.Krikli Azərbaycanın qələbəsi ilə Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğuna, bununla da regionda sülhün bərqərar olduğuna diqqət çəkib və işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində Ukrayna şirkətlərinin də iştirak etməkdə maraqlı olduğunu bildirib. Eyni zamanda, hazırda Ukraynada həyata keçirilən infrastruktur layihələri haqqında məlumat verərək Azərbaycanın biznes təmsilçiləri üçün ölkəsində geniş investisiya imkanlarının olduğunu bildirib. Ticari-iqtisadi münasibətlərin dinamik inkişafının bundan sonra da davam edəcəyinə əminlik ifadə edilib. Görüşdə Ukraynanın Azərbaycan Respublikasındakı Ticarət Evinin fəaliyyəti haqqında məlumat verilib.

Görüş zamanı, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə tərəfdaşlığın genişləndirilməsi imkanları və iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinə dair müzakirələr edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.