İQTİSADİYYAT


Azərbaycanla “Visa” təşkilatı arasında çərçivə sənədi imzalanacaq

Bakı, 16 aprel, AZƏRTAC

"Visa" beynəlxalq kart təşkilatı Azərbaycanda Mərkəzi Bankın rəhbərliyi altında həyata keçirilən rəqəmsal ödənişlərin inkişafı üzrə layihələrə dəstək vermək niyyətindədir.

Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, bank sədrinin birinci müavini Alim Quliyev "Visa" beynəlxalq kart təşkilatının Şərqi Avropa, Mərkəzi Asiya və Cənub-Şərqi Avropa ərazisi üzrə 17 ölkədə "Visa" əməliyyatlarına rəhbərlik edən Vira Platonovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşün mövzusu ölkədə nağdsız hesablaşmaların inkişafı, müasir ödəniş həllərinin tətbiqi və bu kontekstdə Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın icrası istiqamətində birgə mümkün əməkdaşlıq istiqamətlərinin müzakirəsi olub.

Görüşdə son dövrlər Mərkəzi Bank tərəfindən nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində görülmüş işlər, həyata keçirilən layihələr və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

V.Platonova qeyd edib ki, sürətli inkişaf edən bir ölkə kimi Azərbaycan təşkilat rəhbərliyinin diqqət mərkəzindədir və təşkilat ölkədə fəaliyyətini aktivləşdirmək, yeni innovativ ödəniş həllərini ölkəyə gətirmək, Mərkəzi Bankın rəhbərliyi altında həyata keçirilən rəqəmsal ödənişlərin inkişafı üzrə layihələrə dəstək vermək niyyətindədir. O, həmçinin "The Economist" jurnalının araşdırma qolu olan "The Economist Intelligence Unit" şirkətinin “Visa” təşkilatının sponsorluğu ilə təşkil edilmiş 2018-ci ildə dövlət ödənişləri üzrə bir sıra ölkələrin nailiyyətləri haqda aparılmış "The 2018 Government E-Payments Adoption Ranking" (GEAR) araşdırmasının nəticələrini diqqətə çatdıraraq ümumi reytinqdə Azərbaycanın 73 ölkə içərisində 46-cı yer tutmasını və bu göstərici ilə Tayland, Çin və İndoneziya kimi ölkələri qabaqladığını bildirib.

Görüş zamanı Dövlət Proqramında nəzərdə tutulmuş strateji hədəflərin realizasiyası üzrə növbəti dövr üçün qarşılıqlı mümkün fəaliyyət istiqamətləri müzakirə edilib və nəqliyyat sektorunda, təhsil müəssisələrində müasir nağdsız ödəniş imkanlarının yaradılması və əhalinin maliyyə savadlılığının artırılması kimi sahələrdə birgə əməkdaşlıq barədə razılığa gəlinib. Eyni zamanda, cari ildə "Visa" tərəfindən regionlarda stimullaşdırıcı kampaniyaların keçirilmə imkanları da müzakirə edilib.

Görüşün yekunu olaraq, hər iki tərəfin maraqlarını əhatə edən, görüləcək işləri özündə birləşdirəcək bir çərçivə sənədinin hazırlanması və imzalanması barədə qərar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.