Azərbaycanla Xorvatiya Milli kitabxanaları arasında əlaqələr genişləndirilir
AzerTAg.az
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic Milli Kitabxanada olub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, direktor Kərim Tahirov qonağı salamlayaraq, bu səfərin Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən çox şad olduğunu bildirib.
“Bizim Bosniya və Herseqovina ilə dostluq əlaqələrimiz mövcuddur və ümid edirəm ki, bu görüş Xorvatiya Milli Kitabxanası ilə də sıx əlaqələrin yaranmasında böyük rol oynayacaq. Azərbaycan Milli Kitabxanası ilə Xorvatiya Milli Kitabxanası Avropa Milli Kitabxanaları Konfransı Təşkilatının (CENL) üzvüdür və 2023-cü ildə Parisdə keçiriləcək növbəti toplantıda həmin kitabxananın direktoru ilə yenidən görüşəcəyəm”, - deyə Kərim Tahirov bildirib.
K.Tahirov səfirə Xorvatiya Milli Kitabxanası ilə əməkdaşlıq memorandumunun imzalanmasında dəstək göstərəcəyinə ümid etdiyini söyləyib. Qeyd edib ki, sentyabr ayında Milli Kitabxananın 100 illik yubileyi qeyd olunacaq və Xorvatiya Milli Kitabxanasının direktoru da yubiley tədbirinə dəvət olunacaq. Direktor görüş zamanı Milli Kitabxana haqqında məlumat verərək söyləyib ki, 6 milyon fondu olan kitabxana 80-ə yaxın ölkə ilə kitab mübadiləsi edir, 48 ölkə ilə qarşılıqlı əməkdaşlığa dair memorandum imzalayıb. Kitabxananın onlayn istifadəçilərindən əksəriyyətini Avropa ölkələrindən olan mütəxəssislər təşkil edir.
Sonra Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic çıxış edərək, bu görüşdən çox məmnun olduğunu qeyd edib. Xorvatiyanın Mədəniyyət və Media Nazirliyi, Xorvatiya şirkətlərinin dəstəyi ilə Azərbaycan dilinə nəşr edilmiş kitabdan Milli Kitabxananın fonduna hədiyyə edərək, bu kitabların Bakıda təşkil olunan kitab sərgisində nümayiş olunduğunu vurğulayıb. O, həmçinin bildirdi ki, Azərbaycan Dillər Universitetinə xorvat dilinin tədrisi üçün də müraciət edib.
Sonda qonağa Milli Kitabxana və Azərbaycan xalçaları haqqında kitablar, habelə Azərbaycanın tarixi və mədəniyyət abidələrinin xəritəsi hədiyyə edilib.





Xəbərin mətnində orfoqrafik səhv var