SİYASƏT


Azərbaycanla Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunub VİDEO

Bakı, 7 sentyabr, AZƏRTAC

Sentyabrın 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan XİN-in rəhbər heyəti, Milli Məclisin üzvləri, Yaponiyanın ölkəmizdəki səfirliyinin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən yapon şirkətlərinin nümayəndələri, elmi-akademik dairələrin təmsilçiləri, eləcə də digər qonaqlar iştirak ediblər.

Tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ümummilli lider Heydər Əliyevin 1998-ci ilin fevral ayında Yaponiyaya tarixi səfərinin iki ölkə arasında yüksək səviyyəli dialoqun qurulmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq, münasibətlərin hazırda uğurla inkişaf etdiyini bildirib. O, bu il ərzində XİN-lərarası siyasi məsləhətləşmələr və hökumətlərarası iqtisadi komissiyanın növbəti iclaslarının uğurla keçirildiyini qeyd edib. İkitərəfli münasibətlərin dərinləşməsində parlamentlərarası əməkdaşlığın rolunu xüsusi vurğulayan Elnur Məmmədov ölkələrimiz arasında mövcud qarşılıqlı anlaşma mühitinin, əlaqələrin daha da möhkəmlənməsi, mövcud olan böyük potensialın həyata keçirilməsi üçün münbit şərait yaratdığını ifadə edib. Yaponiya tərəfinin azad olunmuş ərazilərimizin bərpası prosesində iştirakı məmnunluqla vurğulanıb.

Daha sonra çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada iki ölkənin coğrafi olaraq bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, Yaponiya ilə Azərbaycan arasında bu cür mehriban münasibətlərin, qarşılıqlı hörmət və etimadın qurulmasının təqdirəlayiq olduğunu bildirib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin müstəsna rolu olduğunu qeyd edən səfir Cuniçi Vada, Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni, humanitar sahələrdə birgə layihələrin həyata keçirildiyini məmnunluqla vurğulayıb.

Tədbirdə, həmçinin Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Prezident İlham Əliyev və Yaponiyanın Baş naziri Fumio Kişida, habelə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşinin məktublarının mübadiləsi baş tutub.

Sonda iştirakçılar Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.