İQTİSADİYYAT
Azərbaycanla Yaponiyanın şəhər həllərində aparıcı texnologiyaların tətbiqi üzrə təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycanla Yaponiyanın şəhər həllərində aparıcı informasiya texnologiyalarının tətbiqi sahəsində təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Anar Quliyev Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada ilə görüşüb. Komitə sədri Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti və son hərbi təxribatları, beynəlxalq humanitar hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və təcavüzə məruz qalmış ərazisində apardığı əks-hücum əməliyyatı barədə səfirə məlumat verib. Vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalı regional sülh və təhlükəsizlik üçün real təhdiddir.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuz tərəfindən beynəlxalq hüququn tələblərinə uyğun olaraq vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə apardığı antiterror və sülhə məcburetmə əməliyyatarı nəticəsində işğaldan azad olunan şəhərlərin və digər yaşayış məntəqələrinin yenidən qurulması və gələcək inkişafının əsasını təşkil edən baş planlar və digər ərazi planlaşdırılması sənədlərinin işlənməsi ilə bağlı komitə tərəfindən müvafiq hazırlıq işləri aparılır.
Səfir C.Vada öz növbəsində Azərbaycanda beynəlxalq hüququn tələbinə uyğun olaraq tezliklə sülhün bərqərar olunacağına əminliyini ifadə edib, Yaponiyanın ölkəmizlə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini, bir çox sahələrdə mövcud olan əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Görüşdə iki ölkənin müvafiq dövlət orqanları və digər aidiyyəti təşkilatları arasında şəhərsalmanın planlaşdırılması və təşkili sahəsində əməkdaşlığın inkişafı, o cümlədən layihələndirmədə və şəhər həllərində aparıcı informasiya texnologiyalarının tətbiqi sahəsində təcrübə mübadiləsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.