İDMAN


Azərbaycanlı ağır atlet Avropa çempionu olub

Bakı, 23 iyul, AZƏRTAC

Milanda 15 və 17 yaşadək yeniyetmə oğlanlar və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Qırxa yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

AZƏRTAC xəbər verir ki, iyulun 23-də Azərbaycan yığma komandasının üzvlərindən daha ikisi körpücük üzərinə çıxıb. Fuad Həsənov və Elşən Məmmədov 15 yaşadək oğlanların mübarizəsində 56 kiloqram çəki dərəcəsində qüvvələrini sınayıblar. Fuad Həsənov birdən qaldırma hərəkətində 92 kiloqramlıq nəticə ilə ikinci yeri tutub. Atletimiz təkanla qaldırmada 110 kiloqramın öhdəsindən gələrək bu hərəkətdə də gümüş medala sahib olub. F.Həsənov toplam 202 kiloqram (92+110) nəticə ilə Avropa birinciliyinin yekun sıralamasında da gümüş medal qazanıb.

Ötən il Kosovonun paytaxtı Priştinada keçirilən Avropa birinciliyində bürünc medal qazanan Elşən Məmmədov isə bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Atletimiz birdən qaldırmada 98 kiloqram nəticə göstərib və bu hərəkətdə bütün rəqiblərini üstələyib. Elşən təkanla qaldırma hərəkətində də qızıl medal qazanıb. O, bu hərəkətdə 114 kiloqram nəticə ilə Avropanın ən yaxşısı adına layiq görülüb. E.Məmmədov toplam 212 kiloqram (98+114) nəticə ilə Avropa birinciliyinin yekun sıralamasında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, bu çəki dərəcəsində iki atletimiz 3 qızıl və 3 gümüş medal qazanaraq çempionatda birinci yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.