ELM VƏ TƏHSİL


Azərbaycanlı alim Almaniya mətbuatında bəyanatla çıxış edib: Ermənistan həmişə danışıqlar prosesini yarımçıq qoymağa çalışıb

Professor Mirdaməd Sadıqov: Beynəlxalq ictimaiyyət Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb etməlidir

Bakı, 10 oktyabr, AZƏRTAC

UNEC-in prorektoru, Avropa Universitetləri Rektorları Klubunun üzvü, professor, Mirdaməd Sadıqov Almaniyanın aparıcı xəbər saytı “nex24.news”da bəyanatla çıxış edib. Azərbaycanlı alim beynəlxalq ictimaiyyətə səslənərək Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını bildirib.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan tərəfindən işğal edilib. Bunun nəticəsində Azərbaycanın yüzlərlə mülki vətəndaşı qətlə yetirilib, bir milyondan çox qaçqın və məcburi köçkün öz yurd-yuvalarından didərgin salınıb. Azərbaycan dövləti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində konstruktivlik və səbir nümayiş etdirib, ATƏT-in Minsk qrupu formatında münaqişənin həllində maraqlı olub, lakin Ermənistan həmişə qeyri-konstruktiv mövqe nümayiş etdirib.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi müzakirələrində Ermənistanın Azərbaycana qarşı yeni hərbi təxribata hazırlaşdığı ilə bağlı xəbərdarlıq edib.

Ermənistan rəhbərliyinin təhrikçi xarakterli “Qarabağ Ermənistandır” bəyanatını səsləndirməsi, “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını irəli sürməsi, Azərbaycana qarşı 7 şərt irəli sürməsi, danışıqların formatını dəyişdirmək cəhdləri münaqişənin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan həlli prosesinə ciddi zərbə vurdu.

Ermənistan həmişə prosesi uzatmaq və status-kvonu davam etdirmək üçün danışıqları pozmağa çalışıb, bu müddət ərzində dəfələrlə ölkəmizin ərazi bütövlüyünün yenidən pozulmasına qarşı cəhdlər göstərib.

Sentyabrın 27-dən isə Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təcavüz həyata keçirərək, ölkəmizin yaşayış məntəqələrini, mülki əhalisini və hərbi mövqelərini iri çaplı artilleriya qurğuları və raketlərdən istifadə edərək müxtəlif istiqamətlərdən intensiv atəşə tutub.

Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ və beynəlxalq humanitar hüquqa tam uyğun olaraq, əks-hücum və cavab tədbirləri həyata keçirməli oldu. On gündən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin mülki obyektləri və insanları hədəf alması nəticəsində ikisi uşaq olmaqla 30-dan çox mülki şəxs həlak olub, 170-dək mülki şəxs yaralanıb. Cəbhəyanı bölgələrdə, eləcə də münaqişə ərazisindən yüz kilometrlərlə uzaqda yerləşən və əhalinin sıx yaşadığı ərazilərin hədəf seçilməsi onu göstərir ki, düşmən yenə də beynəlxalq hüquqa zidd addımlar atmaqla öz mənfur planlarını həyata keçirmək niyyətindədir. Müharibə şəraitində mülki insanların və obyektlərin qorunması beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının tələbidir. Ermənistan bununla, beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə konvensiyaları və onların Əlavə protokollarını kobud şəkildə pozur.

Lakin Azərbaycan Respublikası yüksək etik və əxlaqi dəyərlərini nümayiş etdirərək beynəlxalq humanitar hüquq əsasında seçilmiş hərbi hədəflərə qarşı əməliyyatlar həyata keçirir və ərazilərinin işğaldan azad olunmasını təmin edir.

Düşünürəm ki, Avropa İttifaqı digər münaqişə bölgələrində irəli sürdüyü suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də aid etməlidir. Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətindən imtina etməsi və silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarması üçün Ermənistana açıq və aydın bir ismarıc verməlidir. Eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və bölgədə sülh təmin olunmalıdır.

Beynəlxalq ictimaiyyət Ermənistanın saxta sülh çağırışlarına inanmamalı və işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxarmasını tələb etməlidir. Çünki münaqişənin həlli yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxmasından sonra mümkündür.

Azərbaycan xalqı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək, verilən qərarları hərtərəfli dəstəkləyir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün 30 illik əziyyətdən sonra tezliklə doğma yurd-yuvalarına qayıdacağını gözləyir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.