ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Bolqarıstanın milli riyaziyyat kollokviumuna məruzəsini təqdim edib
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, akademik Asəf Hacıyev Bolqarıstan Riyaziyyat İttifaqının dəvəti ilə bu ölkədə səfərdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Bolqarıstan Elmlər Akademiyasının Riyaziyyat və İnformatika İnstitutunda keçirilən milli riyaziyyat kollokviumunda iştirak edən azərbaycanlı alimin ”Ehtimal nəzəriyyəsində paradoksal nəticələr və onların tətbiqi” mövzusunda məruzəsi dinlənilib.
Akademik A.Hacıyev Bolqarıstanın Riyaziyyat İttifaqının yaradılmasının 120-ci ildönümünə həsr olunan təntənəli yubiley tədbirinə də qatılıb. Mərasimdə Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev, bu ölkənin baş nazirinin müavini, parlament sədrinin müavini, nazirlər və digər rəsmi şəxslər iştirak ediblər.
Səfər çərçivəsində A.Hacıyev, həmçinin Avropa Riyaziyyat Cəmiyyətinin sədri, professor Pavel Eksner və akademik Blaqovest Sendov ilə görüşüb. Görüşdə əməkdaşlığın perspektivləri, Azərbaycan Riyaziyyat Cəmiyyətinin bu ittifaqa üzv olması məsələləri müzakirə edilib.