MƏDƏNİYYƏT


Azərbaycanlı alim “Çingiz Aytmatov və müasir dövrün çağırışları” Beynəlxalq İssık-Kul Forumunda maraqlı təkliflə çıxış edib

Bişkek, 7 oktyabr, АZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq Fuad Məmmədov Qırğızıstanın Çolpon-Ata şəhərində “Çingiz Aytmatov və müasir dövrün çağırışları” mövzusunda keçirilən Beynəlxalq İssık-Kul Forumunun bölmə sessiyalarında çıxış edib.

AZƏRTAC xəbər verir ki, Fuad Məmmədov “Çingiz Aytmatov və zamanın çağırışlarına kulturoloji cavab” adlı çıxışında ötən əsrdə böyük yazıçının dilə gətirdiyi qlobal problemlərin həlli üçün səyləri birləşdirməyə çağırıb. Professor deyib: “Çingiz Aytmatovun kulturoloji portreti, onun dünyagörüşü, qələmə aldığı dəyərli əsərlər vasitəsilə Aytmatov ruhuna cavab verən model təklif edirəm. Mənim fikrimcə, bu model müxtəlif münaqişələrdən və müharibələrdən xilas olmaq üçün yeganə düzgün yoldur. Əslində hər bir insan, hər bir xalq bunu arzulayır və biz Çingiz Aytmatov xatirəsinə hörmət əlaməti olaraq səyləri birləşdirib dünyanı sabitliyə və yaxşılığa doğru dəyişməliyik”.

Xatırladırıq ki, ölkəmizi bu nüfuzlu forumda həm də Azərbaycan Milli Məclisinin elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, filologiya elmləri doktoru, Çingiz Aytmatovun tədqiqatçısı Mehman Həsənov və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov təmsil edirlər.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.