CƏMİYYƏT


Azərbaycanlı alim Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti seçilib

Bakı, 14 sentyabr, AZƏRTAC

İsrailin paytaxtı Təl-Əviv şəhərində XXIV Dünya Tibbi Hüquq konqresi keçirilib. Tədbir Dünya Tibbi Hüquq Assosiasiyası (DTHA) tərəfindən İsrailin səhiyyə nazirliyi və Təl-Əviv Universitetinin dəstəyi ilə “Dan Telaviv” otelində təşkil olunub.

AZƏRTAC xəbər verir ki, konqresdə məhkəmə təbabəti və tibbi hüququn məhkəmə-tibbi ekspertizası, pasiyent hüquqları və pasiyent təhlükəsizliyi, səhiyyə qanunvericiliyi və tibbi etika, bioetika və insan haqları, ictimai səhiyyə və ekoloji etika, genetika, etika və hüquq, reproduktiv texnologiyaların hüquqi və etik məsələləri, eləcə də digər aktual elmi və praktiki problemləri müzakirə olunub.

2012-ci ildən etibarən Assosiasiyanın İdarə Heyətinin üzvü və vitse-prezidenti olan azərbaycanlı alim, Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının professoru, UNESCO-nun bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, tibb elmləri doktoru, hüquqşünas Vüqar Məmmədov Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti və İcraiyyə Komitəsinin dörd üzvündən biri seçilib.

Təşkilatın prezidenti, professor Tomas Noquçi həmyerlimizi, eyni zamanda, assosiasiyanın təhsil komitəsinin rəhbəri təyin edib. Həmin komitə Rusiya, İsrail, Böyük Britaniya, Kanada, Belçika, Peru, Avstraliya və Nigeriyadan olan alimlərin iştirakı ilə dünyanın bir çox ölkələrində tibbi hüquq və bioetika sahəsində təhsil proqramlarının inkişafına, həkim və tibb işçilərinin hüquqi və etik hazırlığının yüksəlməsinə aid layihələr həyata keçirir. 2019-cu ildən professor V.Məmmədov Haaqada BMT-nin Beynəlxalq Cinayət Məhkəməsində DTHA-nı və ölkəmizi təmsil etməyə səs toplayıb. Konqresdə Azərbaycan həm alimlər, həm də Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri ilə yüksək səviyyədə təmsil olunub.

Xatırladaq ki, DTHA 1967-ci ildə Belçikada tibbi hüquq sahəsində multikultural və fənlərarası problemlərin tədqiqatı məqsədilə hüquq və məhkəmə təbabəti üzrə bir qrup tanınmış mütəxəssis tərəfindən yaradılıb və BMT-nin UNESCO, Dünya Səhiyyə Təşkilatı, Beynəlxalq Cinayət Məhkəməsi və bir çox milli peşəkar assosiasiyalarla əməkdaşlıq edir. Təşkilatın qərargahı ABŞ-nın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir.

XXIII Dünya Tibbi Hüquq Konqresi ötən il “PASHA Travel” turizm şirkəti və “Türk Hava Yolları” şirkətlərinin dəstəyi ilə “Abşeron Marriott Baku” mehmanxanasında keçirilib.

Bakı konqresində Təşkilatın Baş Assambleyasının qərarı ilə tibbi hüquq, bioetika və multikulturalizmin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva Dünya Tibbi Hüquq Assosiasiyasının 50 illik Qızıl yubiley mükafatı və fəxri diplomu ilə təltif olunub. UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva postsovet məkanda evtanaziyanın bioetik və hüquqi aspektlərini elmi cəhətdən tədqiq edən ilk alimlərdəndir. DTHA-nın təltifləri Mehriban xanım Əliyevanın bu sahədə apardığı elmi işlərin nəticələrinin əhəmiyyətini, onun səhiyyə, təhsil və elm sahəsində rəhbərlik etdiyi layihələri, eləcə də sülh, tolerantliq və qlobal təhlükəsizliyin dünyada bərqərar olması naminə müxtəlif sivilizasiyalar və dinlərarası multikultural dialoqun təmini və təbliğindəki səylərinin beynəlxalq elmi ictimaiyyət və hüquqşünaslar tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.

XXV Dünya Tibbi Hüquq Konqresi 2019-cu il avqustun 6-dan 8-dək Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.