ELM VƏ TƏHSİL
Azərbaycanlı alim “İran körfəzində ticarət rəqabəti və Osmanlı dövləti” mövzusunda məruzə edib
Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə Türk Tarix Qurumu və Bandırma On Yeddi Sentyabr Universitetinin birgə təşkilatçılığı ilə keçirilən XI Beynəlxalq Türk Dəniz Ticarəti Simpoziumunda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, simpoziumda “İran körfəzində ticarət rəqabəti və Osmanlı dövləti” mövzusunda məruzə edən Elnur Kəlbizadə körfəz regionunda tarix boyunca müxtəlif dövlətlərin rəqabət aparmasının səbəblərini, məqsədlərinin həyata keçirilmə mexanizmlərini müqayisəli təhlil edib.
Böyük dövlətlər üçün regionun əhəmiyyətindən bəhs edən azərbaycanlı alim müasir dövrdə baş verən hadisələrlə paralellər və qarşılıqlı müqayisələr aparıb.
Qeyd edək ki, beynəlxalq simpoziumda İngiltərə, Əlcəzair, Albaniya, Kipr və Türkiyədən olan nüfuzlu alimlər iştirak ediblər.