ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Misirdə mühazirə oxuyub
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu beynəlxalq elmi əlaqələrini genişləndirir. İnstitutun direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə geniş işlər görülür, əməkdaşlıq müqavilələri, memorandumlar imzalanır.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov Misirin Eyn Şəms Universitetində Azərbaycan ədəbiyyatı haqqında mühazirə oxumaq və beynəlxalq konfransda iştirak etmək üçün bu ölkəyə dəvət edilib. Səfər zamanı İmamverdi Həmidov “Azərbaycan ədəbiyyatının qaynaqları, təşəkkülü və inkişafı tarixi” mövzusunda Eyn Şəms Universitetinin ədəbiyyat fakültəsində mühazirə deyib. Mühazirədə universitetin Şərq dilləri və ədəbiyyatı kafedrasının professorları Məhəmməd Bədii Cumə, Məhəmməd Səid Camaləddin, Firdovsi Musa Musa, Raniyə Məhəmməd Favzi, Şirin Əbduneym Həsəneyn, Livan alimi Dəlalə Həsən, magistrlər və tələbələr iştirak ediblər.
Universitetdə “Misirdə Şərq araşdırmalarının təşəkkülü və inkişafı” mövzusunda keçirilən konfransda isə İmamverdi Həmidov “Azərbaycan-Misir ədəbi əlaqələri” mövzusunda məruzə edib. Məruzədə ədəbi əlaqələr şifahi xalq ədəbiyyatı, klassik Azərbaycan ədəbiyyatının öyrənilməsi, ədəbi örnəklərdən tərcümələr əsasında dəyərləndirilib. Azərbaycan alimi birinci iclasın moderatoru təyin edilib. Konfransda Misirdəki azərbaycanlılar diasporunun sədri tədqiqatçi Seymur Nəsirov da çıxış edib. Beynəlxalq konfransın qəbul etdiyi qərar və tövsiyələr sırasında deyilir: “Ərəb dili ilə Şərq dilləri arasında möhkəm əlaqələrin yaradılması üçün Azərbaycan dili və ədəbiyyatının müəyyənləşdirilməsi Misir universitetlərinin Şərq dilləri bölmələrinə təklif edilsin”.
Eyn Şəms Universitetinin prorektoru, professor Əbdulnaser Səncabla görüşdə azərbaycanlı alimə oxuduğu mühazirə və konfransda iştirakına görə minnətdarlıq bildirilib və İmamverdi Həmidova universitetin “Təşəkkür və təqdir” lövhəsi təqdim edilib.
Misirdə təhkiyə janrını öyrənən tədqiqatçılar cəmiyyətinin sədri, professor Məhəmməd Kordinin dəvəti ilə İmamverdi Həmidov İskəndəriyyə Universiteti, Dəmənhur Universiteti, İsmailiyyədəki Kanat Suveys Universitetinin birgə keçirdiyi beynəlxalq konfransda da iştirak edib. O, konfransda Azərbaycan-Misir ədəbi əlaqələrinin tarixi haqqında məlumat verib, müasir dövrdə bu əlaqələrin inkişafı ilə bağlı fikirlərini bölüşüb. İskəndəriyyə Universitetini təmsil edən Qadə Əbdulfəttah Qəturi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə əlaqələrin inkişaf etdirilməsi arzusunda olduğunu bildirib.
Xatırladaq ki, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” ərəb dilinə tərcümə edilərək çap olunub. Hazırda Qahirə Universitetində həmin əsərlər ayrıca tədris olunur.