ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Qazaxıstanda türkologiyanın aktual problemlərindən danışıb
Bakı, 8 aprel, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, “Türkologiya” jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Qazaxıstanın Əhməd Yəsəvi Universitetində “Türk dünyasında türkologiyanın aktual problemləri” mövzusunda seminar keçirib. O, həmçinin tədbir iştirakçılarına “Türkologiya” jurnalını təqdim edib.
Dilçilik İnstitutunun şöbə müdiri AZƏRTAC-a bildirib ki, seminarda Əhməd Yəsəvi Universitetinin prorektoru Pusat Pilten, Türkoloji Araşdırmalar Mərkəzinin direktoru Sərdar Dağıstan, həmçinin bu ali təhsil müəssisəsində nəşr olunan “Türkologiya” jurnalının redaksiya heyəti, alimlər, tələbələr və gənc tədqiqatçılar iştirak ediblər.
Elçin İbrahimov çıxışında 2016-cı ildən bəri “Türkologiya” jurnalının böyük uğurlara imza atdığını və beynəlxalq indekslərə daxil edildiyini bildirib. O, jurnalın təkcə dilçilik deyil, incəsənət, mifologiya, klassik irs, ədəbiyyat, fəlsəfə və tarix sahələrini də əhatə etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, jurnalda xarici ölkə alimlərinin də məqalələri dərc olunur.
Gənc alim əlifba probleminin keçmişdən bugünədək türk dünyası və türkologiya üçün aktual problemlərdən olduğunu vurğulayaraq deyib: “Əlbəttə, hər xalqın varlığını müəyyən edən əsas amillərdən biri əlifbadır. Əlifba təkcə işarələr sistemi deyil. Toplumların müxtəlif əlifbaları qəbul etməsində dinlərlə yanaşı, bir çox siyasi və sosial hadisələrin də rolu var. Türk dünyasında əlifba problemi XIX əsrin sonlarından başlayaraq indiyədək davam etməkdədir. Türkdilli respublikaların müstəqilliyə qovuşması ilə keçmişdəki bir çox problemlər geridə qalıb. Ortaq əlifba probleminin həll edilməsi gələcəkdə ortaq dilin (ortaq türkcənin) də təşəkkülünə kömək edəcək. Ortaq əlifba olmadan ortaq dili formalaşdırmaq qeyri-mümkündür”.
Azərbaycanlı alim iştirakçıların suallarını cavablandırıb. O, “Türkologiya” jurnalının nömrələrini Türkoloji Araşdırmalar Mərkəzinin kitabxanasına hədiyyə edib.
Tədbirin sonunda Elçin İbrahimova Əhməd Yəsəvi Universitetinin rektoru adından təşəkkürnamə təqdim olunub.