ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Səlcuq Universitetinin tələbələrinə ölkəmizin beynəlxalq aləmdəki rolundan danışıb
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbinin direktor müavini, beynəlxalq münasibətlər kafedrasının dosenti Anar Eyyubov “Mövlana” mübadilə proqramı çərçivəsində Türkiyənin Konya şəhərindəki Səlcuq Universitetində olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, A.Eyyubov tələbələrə Azərbaycanın beynəlxalq aləmdəki yeri və rolundan danışıb. Eyni zamanda, etnik münaqişələrin yaranması, təbliğat mexanizmləri və beynəlxalq güclərin bu məsələdəki ikili standartları barədə məlumat verib.
A.Eyyubov Səlcuq Universitetində təşkil olunan “Erməni məsələsi tarixin şahidliyində” adlı beynəlxalq forumda da iştirak edib. O, forumda müzakirələrə qatılaraq mövzu ilə bağlı arxiv sənədlərinə əsasən faktları açıqlayıb.
Azərbaycanlı alim tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı da təşkil edib. Yarışın qaliblərinə hədiyyələr təqdim olunub.