ELM VƏ TƏHSİL


Azərbaycanlı alim “Şərəfli ömür yolu” fəxri diplomuna layiq görülüb

Bakı, 11 fevral, AZƏRTAC 

Media Araşdırma Mərkəzi və Azərbaycan-Avropa birgə layihəsi çərçivəsində keçirilmiş rəy sorğusunun nəticələrinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gövhər Rasizadə “Şərəfli ömür yolu” fəxri diplomuna layiq görülüb.

AZƏRTAC xəbər verir ki, mükafat alimə həyata keçirdiyi uğurlu elmi tədqiqatlara və ixtirasına, Azərbaycan biologiya elminin inkişafı tarixində göstərdiyi xidmətlərin əhəmiyyətinə görə təqdim olunub. Alim dözümlü və dözümsüz yerli və Amerika üzüm növləri üzərində sitogenetik tədqiqat işi apararaq filloksera zərərvericisinə qarşı yeni preparat əldə edib.

Azərbaycanda və xarici ölkələrdə çapdan çıxan 70-dək elmi əsərin müəllifi olan Gövhər Rasizadənin ötən il nüfuzlu “European journal of Technical and Natural Sciences” jurnalında məqaləsi dərc edilib. Azərbaycanlı alim 2016-cı ildə Avropa Nəşr Mətbuat Evi tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına və diploma, 2017-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə əsasən “İlin alimi” adına layiq görülüb. 2018-ci ildə alimə “Filloksera ilə mübarizə üsulu” ixtirasına görə Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən patent verilib.

Gövhər Rasizadə hazırda “Azərbaycanda seleksiyanın aktual məsələlərinin həlli”ndə dənli-paxlalı bitkilərin genofondunu zənginləşdirmək məqsədilə ICARDA təşkilatından alınmış yeni formalarda sitoloji işlər aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.