ELM VƏ TƏHSİL


Azərbaycanlı alim UNESCO-nun konfransında İpək Yolu layihələrinin əhəmiyyətindən danışıb

Bakı, 12 dekabr, AZƏRTAC

Türkmənistanın paytaxtı Aşqabadda UNESCO-nun İpək Yolu layihələri ilə bağlı bir sıra tədbirlər keçirilib. “İpək Yolu online platforma interaktiv atlası”nın müzakirəsi ilə bağlı ekspertlərin görüşü, İpək Yolu seriya nominasiyası Əlaqələndirmə Şurasının 5-ci toplantısı və “Böyük İpək Yolunun əhəmiyyəti: bugünü və gələcək inkişafı” mövzusunda beynəlxalq konfrans təşkil edilib. Tədbirlərdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev təmsil edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, UNESCO-nun İpək Yolu seriya nominasiyası Əlaqələndirmə Şurasının toplantısında məruzə ilə çıxış edən alim bu layihənin qədim İpək Yolu üzərində yerləşən ölkələrdə mövcud tarixi-mədəni abidələrin Dünya İrs siyahısına daxil edilməsi və onların qorunması işində böyük rol oynadığını vurğulayıb. O, müxtəlif ölkələri təmsil edən toplantı iştirakçılarına Azərbaycan ərazisində İpək Yolu ilə bağlı olan memarlıq abidələrı haqqında məlumat verib. Akademik qeyd edib ki, Azərbaycan UNESCO-nun bu layihəsinə qoşulmaqda maraqlıdır və bu sahədə ölkənin müxtəlif qurumlarında, o cümlədən Mədəniyyət Nazirliyi, UNESCO üzrə Milli Komissiya və AMEA-da aparılan ciddi müzakirələr davam edir. UNESCO-nun İpək Yolu seriya nominasiyası layihəsinə üzv ölkələrin nümayəndələri Azərbaycanla bu sahədə sıx əməkdaşlığa hazır olduqlarını toplantının yekun bəyannaməsində ifadə ediblər.

Ş.Mustafayev həmin günlərdə Aşqabadda UNESCO-nun təşkilatçılığı ilə keçirilən “Böyük İpək yolunun əhəmiyyəti: bugünü və gələcək inkişafı” mövzusunda beynəlxalq konfransda da elmi məruzə ilə çıxış edib. Xəzər dənizi ölkələrinin dayanıqlı inkişafında İpək Yolu layihələrinin rolundan bəhs edən alim bu sahədəki əməkdaşlığın istər elmi-mədəni əlaqələrin, istərsə də beynəlxalq turizmin inkişafına müsbət təsir göstərəcəyini bildirib. Akademik iyirmiyə qədər ölkənin nümayəndələrinin iştirak etdiyi beynəlxalq konfransın sonuncu sessiyasına moderatorluq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.