CƏMİYYƏT
Azərbaycanlı alim Ümumdünya Səhiyyə Təşkilatının toplantısında iştirak edib
Bakı, 20 iyun, AZƏRTAC
İtaliyanın Parma şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Kimyəvi Risklərin Qiymətləndirilməsi Şəbəkəsinin toplantısı keçirilib. Toplantıda Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndəsi də iştirak edib.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, 63 ölkədən 77 təşkilatın iştirakı ilə keçirilən tədbirdə universiteti II daxili xəstəliklər kafedrasının dosenti İsmayıl Əfəndiyev təmsil edib.
İ.Əfəndiyev bildirib ki, kimyəvi təhlükəsizlik dünya səhiyyəsinin qlobal problemlərindən biridir. Hər il minlərlə yeni kimyəvi birləşmələrin üzə çıxması və bu maddələrin insan sağlamlığına potensial riskin olmasını nəzərə alaraq ÜST qlobal kimyəvi təhlükəsizliyə xüsusi diqqət yetirir. Şəbəkənin əsas məqsədi ÜST-yə üzv olan ölkələrdə kimyəvi risklərə qarşı potensialın gücləndirilməsi, elmi mübadilə proqramlarının təşkili, insan orqanizminə kimyəvi maddələrdən ziyanın müəyyənləşdirilməsi və onların aradan götürülməsi və s. ibarətdir.
Qeyd edək ki, Azərbaycan Tibb Universiteti 2016-cı ildən etibarən ÜST Kimyəvi Risklərin Qiymətləndirilməsi Şəbəkəsinin üzvüdür. ATU-nun Ümumdünya Səhiyyə Təşkilatının Kimyəvi Risklərin Qiymətləndirilməsi Şəbəkəsinin üzvü olması universitetin dünya miqyasında artan hörmətini göstərir və həmçinin respublikamızın əhalisinin kimyəvi risklərinin azalmasına əlavə imkanları yaradır.