ELM VƏ TƏHSİL
Azərbaycanlı alim beynəlxalq aerokosmik sərgidə çıxış edib
Bakı, 15 oktyabr, AZƏRTAC
İdarəetmə Sistemləri İnstitutunun (İSİ) əməkdaşları Türkiyənin Kayseri şəhərində keçirilən beynəlxalq aerokosmik “AEROEX 2016” sərgisində iştirak ediblər. İnstitutun direktoru, akademik Telman Əliyev sərgidə “Uçuş aparatlarının texniki vəziyyətinə ekvivalent olan korrelasiya matrislərinin formalaşması texnologiyası” və "Aviasiyada defektlərin noise monitorinqi” mövzularında məruzələrlə çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində müxtəlif görüşlər keçirilib, azərbaycanlı alimlərin elmi layihələri sərgi iştirakçılarına təqdim olunub.
T.Əliyev konfransın təşkilatçıları tərəfindən fəxri diplomla təltif edilib.
“AEROEX 2016” sərgisinin keçirilməsinin əsas məqsədi aviasiya və kosmik texnologiyalar sahəsində çalışan alimlər, təşkilatlar və şirkətlər arasında yeni əlaqələrin və əməkdaşlığın qurulmasıdır. Sərginin əsas mövzuları aerokosmik materiallar, avionika, aerokosmik kommunikasiya sistemləri, enerji səmərəliliyi, “yaşıl” texnologiyalar, başlanğic sistemləri, peyk texnologiyaları, dron yaratma və istifadə texnologiyalarıdır.