ELM VƏ TƏHSİL
Azərbaycanlı alim beynəlxalq onlayn konfransda Farabinin fəlsəfi irsini şərh edib
Bakı, 5 iyun, AZƏRTAC
AMEA-nın Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov Qazaxıstanın Almatı şəhərində “Farabi irsi” mövzusunda keçirilmiş beynəlxalq onlayn konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, S.Hüseynov beynəlxalq konfransın plenar iclasında “Orta əsrin böyük filosofu Əbu Nəsr əl-Farabi və müasirlik” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanlı alim məruzəsində Farabinin fəlsəfi irsini və onun Aristotelin, Platonun fəlsəfi təliminə münasibətini ümumi şəkildə izah edib. O, Farabinin fəlsəfi irsini şərh edib, onun yaradıcılığının orta əsrlər Azərbaycan filosoflarından Əfzələddin Xunəci (1193-1248), Siracəddin Urməvi (1198-1283) və başqalarının təliminə təsirindən danışıb. Alim müasir dövrdə də Azərbaycan alimlərinin əsərlərində Farabi yaradıcılığından istifadə edildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, konfrans ensiklopedik alim, İslam dünyasının məşhur filosofu Əbu Nəsr al-Farabinin 1150 illiyinə həsr edilib.