ELM VƏ TƏHSİL
Azərbaycanlı alim beynəlxalq təşkilatın vitse-prezidenti seçilib
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, Azərbaycan Herontologlar Cəmiyyətinin prezidenti Ulduz Həşimova Astanada Herontoloqların ikinci Avrasiya qurultayında iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, qurultayda U.Həşimova Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyasının vitse-prezidenti seçilib. Tədbirdə azərbaycanlı alim ölkəmizdə yaşayan yüksək uzunömürlülük indeksi ilə fərqlənən populyasiyalarının öyrənilməsi üzrə elmi-tədqiqat proqramının nəticələri barədə məruzə ilə çıxış edib.
Qurultay çərçivəsində herontologiya və heriatriyanın fundamental, klinik və tibbi-sosial məsələləri müzakirə olunub.
Beynəlxalq tədbir Qazaxıstan Respublikası Prezidenti İşlər İdarəsi Tibb Mərkəzi, Qazaxıstan Respublikasının Herontoloqlar Cəmiyyəti və Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyası tərəfindən birgə təşkil edilib.