CƏMİYYƏT
Azərbaycanlı alim dünya onkoloqlarının Tbilisidə keçirilən toplantısında çıxış edib
Tbilisi, 20 oktyabr, AZƏRTAC
Tbilisidə dünya onkoloqlarının beynəlxalq simpoziumu keçirilir.
Dünya Səhiyyə Təşkilatının təşəbbüsü, “Em-em-te hospital”ın rəhbərliyi ilə keçirilən tədbirin əsas məqsədi dünyada sürətlə yayılmaqda olan onkoloji xəstəliklərin vaxtında aşkarlanması, müayinə və müalicəsi barədə təcrübə mübadiləsi aparmaq, bu cür xəstəliklərlə mübarizədə aparıcı dövlətlərin hazırladıqları və qəbul etdikləri proqramlarla, eləcə də bu sahə üzrə ixtisaslaşmış alimlərin kəşfləri ilə tanışlıqdır.
Tədbirdə Azərbaycan alimləri də iştirak edirlər.
Azərbaycan Milli Onkologiya Mərkəzinin direktor müavini Fuad Quliyev tədbirdə çıxış edərək ölkəmizdə onkoloji xəstəliklərin vaxtında müəyyən edilməsi və düzgün müalicəsi sahəsində görülən işlərdən, qəbul olunmuş dövlət proqramlarından danışıb.
F.Quliyev AZƏRTAC-a müsahibəsində deyib: “Bu gün onkoloji xəstəliklərin, prostat xərçənginin sürətlə yayılması dünya alimlərini ciddi narahat edir. Bəzi dövlətlər, eləcə də Azərbaycan bu xəstəliklərlə mübarizəyə dair xüsusi proqram hazırlayıblar. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, ölkəmizdə onkoloji xəstəliklərin müalicəsi dövlət tərəfindən, pulsuz həyata keçirilir. Bir sıra dövlətlər Azərbaycanın bu təcrübəsini öyrənirlər və ondan yararlanmaq niyyətindədirlər”.
Onun sözlərinə görə, azərbaycanlı alimlərin onkoloji xəstəliklərə qarşı mübarizə sahəsində əldə etdikləri uğurlar da xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
Tədbirin əsas təşkilatçılarından olan professor Quram Karazanaşvili isə deyib ki, uroloji xəstəliklərin vaxtında aşkarlanması, səmərəli müalicəsi sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və təcrübə mübadiləsi bizim üçün çox əhəmiyyətlidir. Bu tədbirdə onkoloji xəstəliklərə qarşı mübarizədə birgə əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq. İnanırıq ki, bu sahədə əməkdaşlıq imkanlarını genişləndirə biləcəyik.
Simpozium oktyabrın 21-də başa çatacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi