CƏMİYYƏT


Azərbaycanlı alimin Cənubi Qafqazda alman məskənlərinin salınmasından bəhs edən kitabının Berlində təqdimatı olub VİDEO

Berlin, 22 noyabr, AZƏRTAC

Almaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq Klubunda Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası Katibliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru professor İlham Məmmədzadənin “Mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi və Cənubi Qafqazda alman məskənlərinın salınması” adlı kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Almaniya Bundestaqının nümayəndələri, Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvləri, Almaniya Xarici İşlər Nazirliyinin əməkdaşları, Almaniyanın elmi-mədəni, ictimai-siyasi, iqtisadi dairələrinin və KİV-lərinin təmsilçiləri, eləcə də Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Tədbiri açan Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama müvafiq olaraq Azərbaycanda və Almaniyada bir sıra tədbir və layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. O, bu işdə Berlin Humboldt Universitetində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının fəal iştirakını vurğulayıb. Təqdim olunan kitabın ərsəyə gəlməsi və onun Berlində təqdim edilməsinin Azərbaycan tərəfinin sözügedən yubileylə əlaqədar fəaliyyət proqramının tərkib hissəsi olduğunu deyən Ramin Həsənov cari il noyabrın 23-24-də Parisdə, UNESCO-nun mənzil-qərargahında yubiley tədbirinin keçiriləcəyini diqqətə çatdırıb.

Azərbaycan-Almaniya münasibətlərinə toxunan səfir 2017-ci ilin həm də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə səciyyələndiyini bildirib və bu yubiley münasibətilə səfirliyin təşkil etdiyi tədbirlər barədə məlumat verib.

Almaniya Xarici İşlər Nazirliyinin xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndəsi, səfir Haydrun Tempel çıxış edərək Azərbaycanda alman irsinin qorunub saxlanması üçün görülən işləri vurğulayıb və bunun iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsi üçün stimul olduğunu bildirib. O, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycanda alman məskənləri barədə kitabın dərc edilməsini xalqlarımız arasındakı tarixi bağların ictimaiyyətə çatdırılması baxımından təqdirəlayiq hadisə adlandırıb. Haydrun Tempel, həmçinin iki ölkə arasında elm, təhsil və mədəniyyət sahələrində sıx əməkdaşlığın mövcud olduğunu, Bakıda nüfuzlu Göte İnstitutunun nümayəndəliyinin açılması üçün mühüm addımlar atıldığını qeyd edib.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi, səfir Elnur Sultanov ölkəmizin UNESCO ilə uğurlu əməkdaşlığından, beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun təşviqi üçün gördüyü işlərdən, bu istiqamətdə həyata keçirilən “Bakı Prosesi”nin əhəmiyyətindən danışıb. Elnur Sultanov “Mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi və Cənubi Qafqazda alman məskənlərinın salınması” kitabı haqda məlumat verərək, orada Azərbaycanda tarixən alman ailələrinin məskunlaşmasının ölkəmizdə hökm sürən multikultural mühitin və dini tolerantlığın bir nümunəsi olaraq araşdırıldığını vurğulayıb. O, kitabın mədəniyyətlərarası dialoqun əsaslarının öyrənilməsi üçün yaxşı mənbə olduğunu diqqətə çatdırıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.