ELM VƏ TƏHSİL
Azərbaycanlı alimin “EU4Digital” elektron ticarət onlayn koordinasiya toplantısında məruzəsi dinlənilib
Bakı, 20 aprel, AZƏRTAC
Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin nümayəndələrinin, “EU4Digital” layihə əlaqələndiricilərinin Litva mütəxəssislərinin, həmçinin “Ernst & Young” və Avropa Komissiyası elektron ticarət əməkdaşlarının iştirakı ilə “EU4Digital” elektron ticarət şəbəkəsinin 2-ci onlayn koordinasiya iclası keçirilib.
Tədbirdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiya və rəqəmsal inkişaf departamentinin əməkdaşları Rüstəm Abdullazadə və Leyla Bağırzadə, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr və innovasiyalar şöbəsinin müdiri, “EU4Digital” layihəsində elektron ticarət mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev təmsil edib. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Bildirilib ki, onlayn iclasda T.Babayevin Azərbaycanda elektron ticarətin ümumi vəziyyəti ilə bağlı məruzəsi dinlənilib. O, ölkəmizdə e-ticarət istiqamətində əldə olunan nailiyyətlərdən danışıb, e-ticarət xidmətləri həcminin artdığını, yeni ticarət platformaları, standartlar və sair meydana çıxdığını bildirib. Alim hazırda ölkə daxilində e-ticarət xidmətləri göstərən 650-ə yaxın təşkilat olduğunu vurğulayıb.
İclasda elektron ticarət üzrə qanunvericilik, standartlar, ekosistem sahələrində ən vacib fəaliyyətlər haqqında yenilənmiş məlumatlar, eləcə də “EU4Digital”ın diqqət yetirilməli və ən çox fayda gətirməsi gözlənilən nəticələri ətrafında müzakirələr aparılıb.